FHN BMT ilə birgə hesabat seminarı keçirdi
"Bu günə qədər aparılan müvafiq tədqiqat və araşdırmalar göstərir ki, xüsusilə dağlıq və dağətəyi ərazilərdə yaşayan əhali, onların mülkləri və təsərrüfatı sel və daşqınlara və onların vurduğu ziyana məruz qalmaq riski ilə qarşı-qarşıya qalıb".
APA TV-nin xəbərinə görə, bu sözləri fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov deyib. O, BMT-nin İnkişaf Proqramı və Fövqəladə Hallar Nazirliyinin (FHN) “Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” adlı birgə layihəsinin hesabatında danışarkən belə deyib. Nazir müavini bildirib ki, layihənin əsas məqsədi son vaxtlar baş verən iqlim dəyişikliyi nəticəsində daşqınların və içməli su probleminin respublikanın bir çox ərazilərində yaranmasının qarşısını almaqdır.
"Artan təhlükələrin qarşısını almaq, eyni zamanda, əhalinin daşqınlara, su çatışmazlığına davamlılığını gücləndirmək üçün iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşma zərurəti yaranıb. Hesab edirik ki, qarşıda duran məqsədlərə nail olmaq üçün suların idarəçiliyi sektorunda fəaliyyət göstərən təşkilatlarla birgə suların idarə olunması sahəsində yeni konsepsiya hazırlanmalıdır”.
FHN-in Su Ehtiyatları Dövlət Agentliyinin nümayəndəsi Şafiq Babayev bildirib ki, su şəbəkə sisteminin çatışmaması və ya onların uzun illər istismarı nəticəsində mövcud tələblərə cavab verməməsi ilə əlaqədar təxminən 45-50 faizə qədər itkiyə yol verilir. Onun sözlərinə görə, su ehtiyatlarının kompleks istifadəsinin Baş sxeminin hazırlanması, su obyektlərinin, su təchizatı şəbəkəsinin modelini yaratmaqla planlaşdırma və idarətmə imkanlarının gücləndirilməsi nəzərdə tutulur. Tədbirdə yerli və beynəlxalq ekspertlərin görülmüş işlər barədə təqdimatı olub.