Nobel mükafatı laureatları Bakıya gəliblər

Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin və Azərbaycan Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı ilə “Bali sazişindən irəli gələrək ticarətin asanlaşdırılması: siyasətin gerçəkləşməsi” mövzusunda ilk qlobal konfrans başlayıb. APA TV-nin məlumatına görə, Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib ki, tədbir gömrük sahəsində modernləşdirilmə və kadrların inkişafına yönəldilib. Komitə sədri Azərbaycanın Dağlıq Qarabağ probleminin ölkə və region üçün olduqca böyük problem olduğunu vurğulayıb. "Azərbaycanın bu gün torpaqlarının 20 faizi işğal altındadır. Azərbaycan xalqının 20 ildən çoxdur ki, bir milyona yaxın qaçqını var. Buna baxmayaraq gənc və müasir baxışı olan prezident İlham Əliyev artıq 10 ildən çoxdur ki, Azərbaycana rəhbərlik edir və ölkəmiz sürətlə inkişaf edir".

 

Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin prezidenti Devid Uiddouson isə tədbirin çox önəmli olduğunu bəyan edib.

 

"Əgər söhbət gömrüyün təkmilləşdirilməsində və ticarətin asanlaşdırılmasından gedirsə, o zaman siyasətin düzgün qurulmasından, məlumatın hansı dərəcədə düzgün toplanmasından və qərar verənlərə düzgün ötürülməsindən də tədbirdə danışmaq lazımdır”.

 

Baş nazirin birinci müavini Abid Şərifov Azərbaycanda son illər əldə olunan uğurlar, xüsusi ilə gömrük sahəsində əldə olunan nailiyyətlər barədə danışıb  Nobel mükafatı laureatı Tomas S. Sargent Bakıda ticarət və gömrük məsələlərinin müzakirəyə çıxarılmasının sevindirici hal olduğunu deyib.

 

Konfransda 65 ölkədən 200-dək nümayəndə, o cümlədən iqtisadiyyat üzrə 3 Nobel mükafatı laureatı iştirak edir. Konfrans mayın 23-dək davam edəcək. Konfrans iştirakçıları Fəxri Xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını ziyarət ediblər.

 

Müəllif | Apa.Tv