Ukrayna xalqı kimi prezident görmək istəyir? - SORĞU
Mayın 25-də Ukraynada keçiriləcək prezident seçkiləri ilə bağlı sorğuya əsasən Pyotr Poroşenko irəlidədir. APA TV-nin məlumatına görə, "Demokratik təşəbbüs fondu" və Razumkov adına mərkəzin keçirdiyi sorğuya əsasən birinci mərhələdə sorğuda iştirak edən əhalinin 44,6 faizi onun lehinə səs verəcək. Araşdırma nəticəsində Yuliya Timoşenko üçün 8,4 faiz, Anatoli Qritçenko üçün 7,5 faiz respondent səs verməyə hazırdır. Digər namizədlərin səs göstərici isə 7-0,5 faiz arasında dəyişir. Məlumatda o da qeyd olunub ki, sorğuda iştirak edən respondentlərin 60 faizi səsverməyə qatılacaqlarını bəyan ediblər. Amerika Birləşmiş Ştatları Ukraynada seçkilərin keçirilməsi üçün 11,4 milyon dollar maliyyə ayırıb. Bundan başqa bu ölkə ATƏT çərçivəsində müşahidə missiyası həyata keçirmək üçün Ukraynaya 100 müşahidəçi göndərəcək. ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Tana de Zuluetanın rəhbərliyi ilə seçki müşahidə missiyası artıq Kiyevdədir.