“Bakı Metropoliteni” evləri söküləcək məcburi köçkünlərə sonuncu xəbərdarlıq edib
“Bakı Metropoliteni” III növbənin şimal sahəsinə daxil olan “Dərnəgül” elektrik deposunun tikintisi üçün mikrorayonun Xarici dairəvi küçəsi 3126/27-ci məhəllədə 17,1 hektar torpaq sahəsində məskunlaşmış məcburi köçkünlərə evlərini tərk etmək üçün sonuncu dəfə xəbərdarlıq edib.
APA TV-nin xəbərinə görə, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, bu ərazidə deponun tikilməsi üçün 1986-cı ildən torpaq ayrılsa da, ərazi məcburi köçkünlər və digər mülki şəxslər tərəfindən tutulub. Siyahıya alınma zamanı məlum olub ki, burada 83-ü məcburi köçkün ailəsinə məxsus olmaqla, cəmi 217 yaşayış sahəsi var. Ərazidə yaşayan sakinlərə kompensasiya ödənilərək onların köçürülməsinə nail olunub. Məcburi köçkün ailələri mənzillə təmin olunub, amma 6 ailə ərazini boşaltmaqdan imtina edib. Nəsimi Paşayevin sözlərinə görə, məcburi köçkünlərin ərazidən köçürülməsi üçün Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Maliyyə Nazirliyi tərəfindən vəsaiti ayrılıb. Vəsait hesabına Mehdiabad qəsəbəsində mənzillər tikilərək müvəqqəti məskunlaşmaq üçün məcburi köçkün ailələrinə verilib. Söküntü ərazisinə düşən evlərin boşaldılaraq sökülməsi barədə məhkəmənin ərazinin boşaldılması barədə qərarı var və qərar icra olunacaq.
"Ərazini tərk etmək istəməyən 6 ailə təzminat tələb edir. Onlar verilən evlərin müvəqqəti sığınacaq olduğunu iddia edirlər. Lakin “Bakı Metropoliteni” QSC onların kompensasiya tələbini qanuna zidd sayır. “Bakı Metropoliteni” bu gün həmin 6 ailəyə sonuncu xəbərdarlıq edir. Abşeron rayonu Mehdiabad qəsəbəsində tikilmiş evlərə köçürülməsi üçün onlar texnika ilə təmin olunacaq, hətta söküləcək evlərinin materiallarının belə daşınmasına köməklik göstəriləcək".
Ərazidə yaşayan məcburi köçkünlər isə Mehdiabad qəsəbəsində verilən evlərə köçməkdən imtina edərək öz vəsaitləri hesabına tikdikləri evlərdə yaşamağı üstün tuturlar. Onlar evlərini yalnız kompensasiya ödəniləcəyi təqdirdə boşaldacaqlarını bildiriblər. Kəlbəcərdən olan məcburi köçkün bildirib ki, ərazidə yaşayan digər sakinlərə təzminat ödənilib: “Bizdən isə Abşeron rayonu Mehdiabad qəsəbəsindəki evlərə köçmək tələb olunur. Biz bu evlərdən imtina edirik. Öz tikdiyimiz evlərinin dəyərində təzminat istəyirik. Bir müddət öncə evin hər kvadrat metrinə görə 700-1000 manat verilməsinə dair razılıq əldə olunmuşdu, lakin indi bu məsələ unudulub. Mehdiabadda təklif edilən evlər müvəqqəti sığınacaqlardır”.
Məcburi köçkünlərin iddiasına görə, bir müddət öncə Binəqədi İcra Hakimiyyəti tərəfindən yaşadıqları evlər siyahıya alınıb və onlara müvafiq sənədlər təqdim edilib: “Bu sənədləri bizə İcra hakimiyyəti verdi. Bizi çağırdılar Maliyyə Nazirliyinə, orada icra hakimiyyəti başçısının, baş nazirin imzası olan sənəd verdilər. Dedilər ki, sizə bu sənəd əsasında evinizin müqabilində kompensasiya ödəniləcək. Bu müddət ərzində Metropolitendə rəhbərlik dəyişdi. Sonra da dedilər, yox, siz köçməlisiniz Mehdiabada, evləriniz isə sökülür”.
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Sənan Hüseynov isə deyir ki, ərazini tərk etməyən 6 ailəyə Mehdiabad qəsəbəsində mənzillər ayrılıb: “Dövlət Komitəsi bu ailələrə kompensasiya verilməsinin əleyhinə olmayıb, onlar bununla bağlı bütün məhkəmə instansiyalarını keçiblər, lakin məhkəmə məcburi köçkünlərə kompensasiya verilməsini hüquqi hesab etməyib. Bakı Metropoliteninin ərazisində plana uyğun olaraq müvafiq dövlət tədbirləri həyata keçirilməlidir. Dövlət Komitəsinin üzərinə məcburi köçkünlərə mənzil ayrılması düşür ki, həmin mənzillər də artıq ayrılıb. Lakin bu ailələr köçmək istəmirlər".
Qeyd edək ki, sözügedən evlər zəbt olunmuş ərazidə qanunsuz və sənədsiz tikilib. Evlərin sökülməsi müqabilində kompensasiyanın ödənilməsi ilə bağlı sakinlər bir neçə dəfə məhkəməyə müraciət etsələr də, iddiaçıların tələbləri rədd edilib.