Rusiya səfirliyindən vətəndaşlığın verilməsi ilə bağlı açıqlama


Rusiyanın Azərbaycandakı səfirliyi vətəndaşlığın verilməsi qaydalarının dəyişməsi ilə əlaqədar məlumat yayıb. Əsas şərtlərdən biri budur ki, Rusiya vətəndaşlığını qəbul etmək istəyən şəxslər öz ölkələrinin vətəndaşlığından imtina etməlidirlər.

 

APA TV-nin məlumatına görə, dəyişikliklər Rusiya ərazisində yaşayan və rus dilini bilən əcnəbilər, habelə vətəndaşlığı olmayan şəxslər üçün Rusiya vətəndaşlığına qəbulu qaydalarının sadələşdirilməsini nəzərdə tutur. Yeni qanun həmçinin özünün ya yaxın qohumlarının vaxtilə Rusiyada, yaxud da Rusiya imperiyası və SSRİ ərazisində yaşamış və rus dilini bilən şəxslərə aiddir. Xarici vətəndaşın yaxud da vətəndaşlığı olmayan şəxsin rus dilini hansı səviyyədə bilməsi xüsusi komissiya tərəfindən müsabiqə yolu ilə müəyyən edilir. Bu komissiya Rusiya Federal Miqrasiya Xidməti tərəfindən yaradılır. Əvvəllər müvəqqəti ya daimi yaşayış icazəsi əsasında Rusiyada yaşayan Azərbaycan vətəndaşı (milliyyətindən asılı olmayaraq) müəyyən illər ötdükdən sonra Rusiya vətəndaşlığını ala bilirdisə, yeni qaydalara əsasən həmin şəxs rus dili daşıyıcısı kimi tanındıqdan dərhal sonra Rusiya vətəndaşlığını almaq üçün müvafiq orqana müraciət edə bilər. Belə olan halda Azərbaycan vətəndaşlığından imtina mütləqdir. Bütün prosedurlardan uğurla keçəcəyi təqdirdə, Azərbaycan vətəndaşı Rusiyada 3 il müddətinə yaşamaq hüququ verən sənəd əldə edir. Növbəti 2 il ərzində həmin şəxs Rusiya vətəndaşlığına qəbul üçün müraciət etməlidir. 

Müəllif | Apa.Tv
Apa.tv