Azərbaycan prezidenti Şanxayda keçirilən Zirvə Toplantısında çıxış edib

Şanxayda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin dördüncü Zirvə Toplantısı keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev Zirvə Toplantısında iştirak edib.

Zirvə Toplantısının birinci iclasında Çin Xalq Respublikasının sədri Si Cinpin

dünyada təhlükəsizliyin təmin olunmasının önəminə diqqət çəkərək bunun dialoq və çoxtərəfli əməkdaşlıq sayəsində mümkün olduğunu vurğulayıb.

 

O, Zirvə Toplantısının əsas müzakirə mövzularının regionda və dünyada beynəlxalq təhlükəsizlik məsələlərinə həsr edildiyini vurğulayıb.

Bundan əvvəl quruma sədrlik edən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, Müşavirə dörd milyard insanın yaşadığı regionda təhlükəsizlik məsələlərinin həll olunmasına böyük dəstək verir.

Türkiyə xarici siyasət idarəsinin rəhbəri 2016-cı ilə qədər Müşavirəyə sədrliyi Çinin həyata keçirəcəyini diqqətə çatdırıb.

Azərbaycan Prezidenti İlham Əliyev iclasda çıxış edib.

 

"Sülh, sabitlik və əməkdaşlıq yönümlü yeni Asiyanın qurulması üçün dialoqun, qarşılıqlı etibarın və birgə fəaliyyətin möhkəmləndirilməsi" mövzusunda keçirilən tədbirdə 10-dan çox ölkənin dövlət başçısı, yüksək vəzifəli dövlət və hökumət nümayəndələri, beynəlxalq və regional təşkilatların rəhbərləri iştirak edib.

 

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin yaradılmasına dair təşəbbüsü Qazaxıstan Prezidenti Nursultan Nazarbayev irəli sürüb.

 

Birinci və ikinci Zirvə toplantıları 2002-ci və 2006-cı illərdə Almatıda, üçüncü iclas isə 2010-cu ildə İstanbulda keçirilib. Hazırda təşkilatın Azərbaycan da daxil olmaqla 24 üzvü var.

Şanxay Zirvə Toplantısında bəyannamə qəbul edilib.

 

Müəllif | Apa.Tv
Apa.tv