Yasamalda bağlı qapı arxasında qalan 14 yaşlı gənc xilas edilib

Ötən gecə Bakının Yasamal rayonunda mənzildə bağlı qapı arxasında bir nəfər köməksiz vəziyyətdə qalıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə bağlı qapı arxasında qalan 14 yaşlı Ələkbər Tağıyevin anası Elmira Mehrəliyeva məlumat verib. Nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə yollanıblar. Məlum olub ki, 14 yaşlı məktəbli qapının döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Hadisə yerinə baxış keçirən Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən mənzilə giriş qapısının qıfılını sındırmaqla daxil olublar. Təxminən 15 dəqiqə davam edən xilasetmə əməliyyatı uğurla nəticələnib. Amma məktəblinin valideynləri bu müddət ərzində böyük həyəcan keçirdilər. Ələkbər Tağıyevin səhhətində heç bir problem olmadığından, o, ailəsinə təhvil verilib və təcili tibbi yardımın müdaxiləsinə ehtiyac olmayıb.

 

Müəllif | Apa.Tv