Bakının mərkəzində “avtoş” ağır qəza törətdi: 2 yaralı

Yüksək sürət və avtoxuliqanlıq hərəkətləri ötən gecə Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsinə səbəb olub. APA TV-nin məlumatına görə, qəza paytaxtın Nizami rayonunda baş verib. 20 yaşlı Məmmədov Tahir Tamerlan oğlunun yüksək sürətlə idarə etdiyi “VAZ 2121” markalı minik avtomobili Qara Qarayev prospektində yolun kənarında dayana "Opel" və "Mercedes" markalı maşınlara çırpılıb.

"Niva"nın çırpıldığı avtomobillər həmin ərazidə taksi fəaliyyəti ilə məşğul olan vətəndaşlara məxsus olub. Zərərçəkən sürücülər "Niva"nın yüksək sürətlə hərəkət etdiyini və başqa bir maşınla yarışdığını bildiriblər.

Qəza nəticəsində xəsarət alan "Niva"nın sürücüsü və maşında olan 20 yaşlı sərnişin Şamil Xanmirzəyev 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan APA TV-yə verilən məlumata görə, sürücüyə ambulator yardım göstərilib, sərnişinin xəsarətləri isə ağırdır. O, xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilib.

Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv