Türkiyə parlamentində Soma faciəsini araşdıracaq komissiya yaradıldı

Türkiyə parlamentində Soma faciəsinin səbəblərini araşdıracaq komissiya yaradılıb.

Parlamentin iclasında çıxış edən deputatların bir neçəsi bəyan edib ki, mədən faciəsinin əsl səbəbi laqeydlik və qüsurlar olub.

Milliyyətçi Hərəkat Partiyasından olan millət vəkili Əhməd Duran deyib ki, Soma tamahın, ehtirasın və acgözlüyün qurbanı olub.

Hakim Ədalət və İnkişaf Partiyası da daxil olmaqla parlamentdəki bütün siyasi partiyalar araşdırma komissiyasının yaradılmasına tərəfdar çıxıblar. Komissiya 17 nəfərdən ibarət olacaq və 3 ay fəaliyyət göstərəcək.

Komissiyanın tərkibi Türkiyə Böyük Millət Məclisinin bugünkü iclasında müəyyənləşəcək.

Soma faciəsi Türkiyə hökumətinin baş nazir Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasında da müzakirə edilib. Toplantı 8 saat davam edib. Baş nazirin müavini Bülənt Arınç iclasdan sonra jurnalistlərə deyib ki, faciənin səbəbləri ilə bağlı ən doğru qərarı istintaq verəcək.

Bülənt Arınç bildirib ki, hökumətin toplantısında enerji və təbii sərvətlər, əmək və sosial müdafiə, ailə və sosial siyasət nazirlərinin hesabatları dinlənilib, bundan sonra atılacaq addımlar müzakirə edilib.

Müəllif | Apa.Tv