Xaricdə yaşayan misirlilər prezident seçkilərində Sisiyə səs verdilər

Misirdə prezidenti seçkiləri zamanı xaricdə keçirilmiş səsvermənin nəticələri açıqlanıb. Ali Seçki Komissiyasının sədri Əbdüləziz Salman Qahirədə keçirdiyi mətbuat konfransında bildirib ki, səslərin 94,52 faizini Əbdülfəttah əs-Sisi, 5, 48 faizini isə onun rəqibi Hamdin Sabahi qazanıb.

Xarici ölkələrdə yaşayan misirlilər mayın 15-dən 19-unadək 141 seçki məntəqəsində səs veriblər.

Misir XİN-in məlumatına görə, 124 ölkədə olan 315 min Misir vətəndaşı səs verib.

Prezidenliyə namizəd Hamdin Sabahi isə bəyan edib ki, onun xarici ölkələrdə yerləşən məntəqələrdəki müşahidəçiləri çoxsaylı qanun pozuntuları aşkarlayıblar. Bu qanun pozuntularından ən geniş yayılmışı səsvermə yerlərində əs-Sisinin lehinə təbliğatının aparılması olub.

Qeyd edək ki, Misirdə prezident seçkiləri mayın 26-27-də keçiriləcək. Prezidentliyə namizədlər keçmiş müdafiə naziri Əbdülfəttah əs-Sisi və sosialist Hamdin Sabahidir. Ölkədə Məhəmməd Mursi hakimiyyətinin devrilməsinin əsas fiquru olan əs-Sisi seçkilərin favoriti sayılır.
 

Müəllif | Apa.Tv
Apa.tv