Rusiya-Ukrayna sərhədində döyüşlər: Yaralılar var
Ukrayna-Rusiya sərhədində vəziyyət kritik həddə çatıb. Luqansk vilayəti ərazisində separatçılar dövlət sərhədini ləğv etməyə cəhd ediblər. Bildirilir ki, sərhədçilərlə terrorçular arasında atışmalar gedib. APA TV-nin məlumatına görə, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Dövlət sərhədinin "Krasnodon" məntəqəsi tərəfdən Ukrayna ərazisinə "KamAZ" markalı üç yük maşını keçməyə cəhd edib. Ukrayna sərhədçilərinin xəbərdarlıqlarına məhəl qoymayan sürücülər ölkə ərazisinə hərəkəti davam etdiriblər. Yalnız hərbçilərin havaya açdıqları atəşdən sonra onlar maşınları döndərib və Rusiya ərazisinə geri qayıdıblar. Bir neçə dəqiqədən sonra isə dövlət sərhədinin digər məntəqəsi "Stanitsa Luqansk" adlanan əraziyə 30 nəfərdən ibarət qrup toplaşıb. Onların avtomat və pulemyotlarla silahlandığı məlum olub. Dəstə Ukrayna sərhədçilərinə təslim olmağı və silahlarını təhvil vermələri barədə ultimatum verib. Hərbçilərin bu ultimatuma etirazından sonra onlar sərhəd istiqamətini gülləbaran edib, məntəqəni ələ keçirmək istəyiblər. Rusiya tərəfdən Ukrayna sərhədinə yaxın ərazilərdə yerləşən evlərdən də sərhəd məntəqələrinin snayperlərlə atəşə tutulması barədə məlumat verilib. Ukrayna sərhədçilərinin bu həmlənin də qarşısını aldıqları deyilir. Sərhədçilərin snayper atəşi açılan nöqtələri məhv etdikləri də qeyd olunur. Bir neçə Ukrayna hərbçisi atışmalar nəticəsində yaralanıb. Prezident səlahiyyətlərini icra edən Aleksandr Turçinovun göstərişi ilə sərhədboyu bütün məntəqələrdə iş rejimi gücləndirilib.