Xələf Xələfov: "Demarkasiya ilə bağlı 8 təlimatdan 4-ü razılaşdırılıb"

"Ümid edirəm ki, Rusiya və Azərbaycan arasında qarşılıqlı etimadın yüksək səviyyəsi və dostluq münasibətləri nəinki ikitərəfli, o cümlədən regional xarakterli məsələlərin həllinə kömək edəcək".

 

APA TV-nin xəbərinə görə, bu sözləri xarici işlər nazirinin müavini Xələf Xələfov Bakıda keçirilən  Rusiya-Azərbaycan sərhədlərinin demarkasiyası üzrə birgə komissiyanın ikinci iclası zamanı deyib: "Əminik ki, Rusiya vacib oyunçu dövlət, o cümlədən regionda stabilliyin və təhlükəsizliyin möhkəmlənməsində vacib rol oynayan qonşu və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan  ATƏT-in Minsk qrupunun həmsədri kimi 20 ildən çoxdur, davam edən bu qanlı münaqişənin tez bir zamanda həlli və Azərbaycan ərazilərinin işğaldan azad edilməsi üçün öz töhfəsini verəcək".

 

Nazir müavini demarkasiya işinin aparılması üçün fundamental rol oynayan dövlət başçılarının imzaladığı sərhəd haqqında müqaviləni də xatırladıb: "Ümid edirəm ki, demarkasiya işinin yekunlaşması ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə və ticari-iqtisadi əlaqələrin inkişafına şərait yaradacaq".

 

Demarkasiya üzrə komissiyanın Rusiya tərəfdən həmsədri Vadim Viktoroviç Postnov növbəti iş üçün geniş imkanların açıldığını deyib. O, prosesdə irəliləyişlərin əldə olduğunu əlavə edib: "Bu sərhədlər dostluq sərhədi olacaq, bizim xalqları bir birinə daha da yaxınlaşdıracaq. Bizim iqtisadi, insani və digər əlaqələrimiz qarşısında heç bir maneə yaratmayacaq".

 

Azərbaycanlı nazir müavini jurnalistlərə açıqlamasında komissiyanın səlahiyyətlərinə uyğun olaraq və demarkasiya prosesini aparmaq üçün müvafiq təlimatlar və qaydaların işlənib hazırlandığını və qəbul edildiyini deyib. Onun sözlərinə görə, ümumilikdə 8 təlimat qəbul olunmalıdır və bunlardan 4-ü artıq razılaşdırılıb. 

Müəllif | Apa.Tv
Apa.tv