Nazir Heydər Əsədov: "Azərbaycanda məhv olmaq üzrə olan..."

"Azərbaycanda məhv olmaq üzrə olan pambıqçılığın yenidən inkişafına dair müvafiq işlər görülür. Bu məsələ yeni hazırlanan Kənd Təsərrüfatı üzrə Dövlət Strategiyasına salınıb".

Bunu kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib. Onun sözlərinə görə, yeni strategiyada pambıq, o cümlədən digər sahələrin mövcud problemləri, görüləsi işlər, eyni zamanda onlardan alınacaq nəticələr əks olunacaq. APA TV-nin məlumatına görə, nazir deyib ki, strategiya yaxın vaxtlarda Prezident Aparatına təqdim olunacaq.

Bu il Azərbaycanda əkin işlərinə 471 yeni kombaynın cəlb olunduğunu deyən Heydər Əsədov bildirib ki, gətirilən yeni texnika taxıl mövsümündə fermerlərin problemlərini nisbətən aradan qaldırmağa hesablanıb.

"Bu texnikanın hər biri Avropa, əsasən Belçika, Finlandiya və Hollandiya istehsalı olan kombaynlardır. Biz bu məhsulları nəinki almaq, həm də istehsalı ilə məşğul olmaq niyyətindəyik. Biz bununla bağlı görüşlər keçirmişik, danışıqlarımızı davam etdirəcəyik. Hələ ki, danışıqların ilkin mərhələsindəyik".

Hazırda kənd təsərrüfatı sahəsində sığorta sisteminin tətbiqi və təkmilləşdirilməsinə dair təkliflər hazırlandığını deyən nazir qeyd edib ki, yeni layihə Maliyyə Nazirliyi ilə birgə həyata keçiriləcək.

 

Müəllif | Apa.Tv