BMT məruzəçisi: "Problemin həlli yalnız sənəd üzərində..."
Azərbaycanda səfərdə olan BMT-nin İnsan Hüquqları Şurasının məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi məruzəçisi Çaloka Beyani Abşeron rayonunun Masazır qəsəbəsində 760 məcburi köçkün ailəsi üçün yeni salınan şəhərcikdə olub. APA TV-nin məlumatına görə, Zəngilan rayon 33 nömrəli tam orta məktəb və “Şəfəq” uşaq bağçasında olan BMT-nin xüsusi məruzəçisi burada yaradılan şəraitlə tanış olub. BMT-nin xüsusi məruzəçisinə bildirilib ki, yüksək şəraiti, müasir təlim avadanlığı ilə diqqəti cəlb edən bu təhsil ocaqlarında təlim-tədris üçün hər cür şərait yaradılıb. Daha sonra Çaloka Beyani Binəqədi rayonunda 160 məcburi köçkün ailəsinin məskunlaşdığı İdarəetmə və Texnologiya Kollecinin yataqxanalarında olub, məcburi köçkünlərin yaşayış şəraiti ilə maraqlanıb. Çaloka Beyani jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycana səfəri ilə nəticəsində məcburi köçkünlərlə bağlı hazırlayacağı hesabatı bu ilin oktyabrında BMT Təhlükəsizlik Şurasına, gələn ilin iyununda BMT-nin İnsan Hüquqları Şurasına təqdim ediləcək.
"Mənim ilk təəssüratım ondan ibarətdir ki, bu şəraitdə yaşayan məcburi köçkünlərin probleminin həlli indi daha böyük əhəmiyyət kəsb edir. Bu gün yataqxanada yaşayan məcburi köçkünlər ilk növbədə torpaqlarına qayıtmaq istəyirlər. Məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdırlar. Onlar da Azərbaycanın hər bir vətəndaşı kimi öz həyat şəraitini bərpa etməlidirlər".
Onun sözlərinə görə, problemin həlli təkcə sənədlərlə yekunlaşmamalı və elə təbliğat aparılmalıdır ki, beynəlxalq ictimaiyyət sülh istiqamətində aparılan danışıqlarda irəliləyişin əldə olunmasında müvəffəq olsun.