Azərbaycan və Türkiyəli məktəblilər Əlibəy Hüseynzadə irsini öyrənəcəklər
"Azərbaycan və Türkiyənin ortaq dəyərləri uğurunda mübarizə aparan şəxslərimiz barədə çox az yazılır və insanlar onlarla bağlı az məlumata malikdirlər". Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Proqram Koordinasiya Ofisinin koordnatoru Mustafa Haşim Polat APA TV-yə deyib ki, Azərbaycan və Türkiyənin ortaq mədəniyyətinin dəyərli şəxsiyyətləri “Hər mövsüm bir işıq” adlı layihə ilə təbliğ və yad edilir.
"Əlibəy Hüseynzadə haqqında keçirilən müsabiqədə Azərbaycan gənclərinin onun irsinə biganə qalmadığının şahidi olduq. Məlum oldu ki, Azərbaycan gəncləri onun haqqında dərin biliyə malikdirlər. Çünki o, ortaq dəyərlərimiz üçün mübarizə aparan insandır. O, Azərbaycan himnini yazan şəxsdir. Onun haqqında bilməmək günah sayılmalıdır. Bu insanın keçdiyi yolu öyrənmək hamımızın borcudur.”
Layihənin ilk mərhələsində hər iki ölkənin böyük şəxsiyyətlərindən biri, görkəmli mütəfəkkir Əli bəy Hüseynzadənin həyat və fəaliyyəti ilə bağlı inşa-yazı müsabiqəsinin qalibləri elan edilib. Orta məktəblərin VII, VIII və IX sinif şagirdlərini əhatə edən bu layihə çərçivəsində Azərbaycan və Türkiyənin görkəmli şəxsiyyətləri haqqında hər üç aydan bir mükafatlı inşa müsabiqələrinin təşkili nəzərdə tutulub. Milli Məclisin deputatı Qənirə Paşayeva deyib ki, Əlibəy Hüseynzadənin 150 illiyi münasibəti ilə də müsabiqə keçiriləcək.
“Bu yarışmanın əsas məqsədi gənclərimizi Əlibəy Hüseynzadə kimi görkəmli şəxsiyyətlə tanış etməkdir”.
Türkiyə Baş Nazirliyi Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Proqram Koordinatorluğunun, Azərbaycan Təhsil Nazirliyinin və “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin birgə əməkdaşlığı ilə “Hər mövsüm bir işıq” layihəsinin qalibləri elan olunduqdan sonra "Əlibəy Hüseynzadə və Türk Dünyası Birliyi Düşüncəsi" adlı konfrans keçirilib.