"160 min məcburi köçkün daimi işlə təmin edilib"
"2016-cı ildə yataqxanalarda məskunlaşan 15 min ailə, təxminən 70 min nəfər məcburi köçkün yeni salınacaq qəsəbələrə köçürüləcək".
APA TV-nin məlumatına görə, bunu Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov söyləyib. Onun sözlərinə görə, yaşayış qəsəbələrinin tikilməsi üçün artıq 500 hektar ərazi alınıb. O, hər il Dövlət Neft Fondundan məcburi köçkünlər üçün mənzillərin tikilməsi üçün 300 milyon manat ayrıldığını, bu vəsait hesabına 4 min məcburi köçkün ailə üçün mənzillər tikildiyini qeyd edib. Məcburi köçkünlərin iş fəaliyyətinə gəlincə.
"380 min əmək qabiliyyətli məcburi köçkünümüz var. Bunun 160 mini daimi işlə təmin edilib. Qalan məcburi köçkünlər mövsümü işlərlə müəyyən istiqamətlərdə çalışırlar. İşğaldan qabaq dövlət büdcəsindən maliyyələşən idarədə çalışanlar və müəyyən səbəblərdən iş yerlərini itirən 13 min nəfərə yaxın məcburi köçkünün orta aylıq əmək haqqı saxlanılır".
Gəray Fərhadov həmçinin bildirib ki, məcburi köçkünlər işğal edilən torpaqlara geri qayıdandan 3 il sonra onlar üçün nəzərdə tutulan imtiyazları itirəcəklər.