Elçin Quliyev Lənkəranda vətəndaşları qəbul edib
Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi - Sərhəd Qoşunlarının komandanı general-leytenant Elçin Quliyev mayın 22-də Lənkəran Sərhəd Dəstəsində Lənkəran, Astara, Lerik və Astara rayonlarının sakinlərini qəbul edib. APA TV-nin cənub bürosunun məlumatına görə, qəbul zamanı vətəndaşların DSX-ə qəbulu, sosial müavinətlərin verilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, sərhədyanı yaşayış məntəqələrində mövcud olan sosial-məişət problemlərinin həlli və digər məsələlərlə bağlı müraciətləri dinlənilib. 40-a yaxın vətəndaşın müraciətlərini, şikayət və təkliflərini diqqətlə dinləyən Elçin Quliyev qaldırılan məsələləri DSX-nin aidiyyəti struktur qurumlarının rəhbərlərinin iştirakı ilə araşdırıb və onların qanunvericiliyə uyğun həlli üçün konkret tapşırıqlarını verib. DSX-nin səlahiyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaqdan ötrü qeydiyyata alınıb və baxılması üçün nəzarətə götürülüb.