Dövlət sirrinin qorunması ilə bağlı qaydalar sərtləşdirilir

Azərbaycanda dövlət sirrinin qorunması, xüsusi əhəmiyyətli məlumatların öyrənilməsi ilə bağlı qaydaları dəyişdirilir və şərtləri sərtləşdirilir. Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsindən verilən məlumata görə, Azərbaycan Prezidenti tərəfindən bununla bağlı “Dövlət sirri haqqında” qanunun 21.5 və 23-cü maddələrinə əlavə və dəyişikliklər təklif edilir.

 

Yeni layihəyə əsasən, qanunun 21.5-ci maddəsinə belə bir bənd əlavə edilir: "Vəzifəli şəxsin və vətəndaşın xüsusi əhəmiyyətli, tam məxfi və məxfi məlumatlarla işləməyə buraxılması ilə bağlı yoxlama tədbirləri prokurorluq orqanlarında Baş Prokurorluq, digər dövlət hakimiyyəti orqanları, idarə, müəssisə və təşkilatlarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən keçirilir. Yoxlama tədbirlərinin həcmi və keçirilməsi qaydası yoxlama tədbirlərini keçirən orqanlar tərəfindən hazırlanır və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla təsdiq edilir".

 

Qanunun 23-cü maddəsi Dövlət sirri ilə işləməyə buraxılan və ya əvvəllər buraxılmış vəzifəli şəxsin və ya vətəndaşın hüquqlarının məhdudlaşdırılması isə tamamilə dəyişdirilərək yeni şərtlərlə təqdim edilir. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və mayın 30-da müzakirəyə çıxarılacaq.

Müəllif | Apa.Tv
Apa.tv