Bakıda Qida Sərgisi: Avropa təamları, alışmadığımız dadlar, fantastik qiymətlər

Bakıda XX Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi - “World Food Azerbaijan 2014” işə başlayıb. APA TV-nin məlumatına görə, sərgidə dünyanın 35 ölkəsindən 173 şirkət iştirak edir. Bu siyahıda MDB və Avropa ölkələrindən gələn şirkətlər üstünlük təşkil edir. Sərgidə ət və quş, süd məhsulları, dondurma, konservləşdirilmiş məhsullar, şirniyyat və çörək məmulatları, o cümlədən kənd təsərrüfatı və quşçuluq fabrikləri üçün avadanlıq, habelə istixanalar, suvarma sistemləri, heyvan və balıqlar üçün yem, toxumlar, gübrələr, eləcə də şitillər, diri cücə və balıqlar, xərçənglər nümayiş olunur.

"Qida sərgisində ziyarətçilər balıq məhsullarını görə bilərlər ki, bu məhsullar müxtəlif çeşidlərdə təqdim edilir. Hisə verimiş, duzlu balıqlar, balıq kürüsü və digər dəniz məhsulları. Bu məhsullar içərisində elələri də var ki, onlar yalnız bu sərgidə nümayiş olunmaq üçün istehsal edilib".

"Sərgiyə İtaliyadan gətirilən pendirin isə fantastik bir qiyməti var - 80 avro".

İtalyan mütəxəssis deyib ki, bu məhsul xüsusi sifarişlə istehsal olunur və dadı digərlərindən fərqlidir. Bu pendiri istehsal etmək üçün səhər və axşam südü qaynadıb duzlayırlar və pendir hazırlayırlar. Sonra xüsusi qablara doldurub 18, 24, və 36 ay saxladıqdan sonra açıb istifadə edirlər. Bu üsulla pendiri biz yüz illərdir hazırlayırıq".

Beynəlxalq qida sərgisi ilə paralel olaraq VIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi də keçirilir. “Agri Hort Azerbaijan - 2014” sərgisinə maraq göstərən iştirakçıların sayı ötən illə müqayisədə 2,5 dəfə artıb. Kənd təsərüfatı naziri Heydər Əsədov deyir ki, sərgidə iştirak edənlərin 26 faizi yerli şirkətlərdir.

"Bu tədbir Azərbaycanın bu sektordakı inkişafını bir daha nümayiş etdirir. Bu beynəlxalq sərgi qonaqların Azərbaycan bazarı ilə tanış olmasına, öz məhsullarını nümayiş etdirməsinə kömək edəcək. Bu sərgi Azərbaycanla digər ölkələr arasında yeni əlaqələrin yaranmasına yardım edəcək".

Sərgidə iştirakçıların sayına görə Türkiyə öndədir. Bu il ilk dəfə iştirak edən şirkətlər isə Azərbaycan, Niderland Krallığı, Belçika, Türkiyə, İtaliya, İspaniya, İran və digər ölkələr üzrə ümumi iştirakçıların 45 faizini təşkil edir. Sərgidə həmçinin İtaliya, İran, Hollandiya, Macarıstan, Latviya və Estoniya da milli ekspozisiyalarla çıxış edirlər. Qeyd edək ki, hər iki sərgi 24 may tarixinə kimi davam edəcək.  

Müəllif | Apa.Tv