Ramiz Mehdiyev: "Səfir həddini çox aşıb, özünü qubernator hesab edir"

“Mən səfir Morninqstarın mövqeyi ilə bağlı öz münasibətini açıqlayan hər kəsə minnətdarlığımı bildirmək istəyirəm. Bu, bizim insanların həqiqi vətəndaş mövqeyidir”.

 

APA TV xəbərinə görə, bunu Azərbaycan Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev ABŞ səfiri Riçard Morninqstarın "Azadlıq" radiosuna verdiyi müsahibəyə münasibət bildirərkən deyib. R. Mehdiyev qeyd edib ki, ABŞ səfirinin müsahibəsi təəccüb doğurur: "ABŞ səfirinin bu müsahibəsi dünyada və postsovet məkanda daha çox Qərbin ucbatından gərginləşən geosiyasi proseslər fonunda ən azı təəccüb doğurur. Onu bu müsahibəni verməyə və diplomatik etiketə uyğun olmayan fikirlər səsləndirməyə vadar edən motiv və səbəblərin nə olduğunu deməyə çətinlik çəkirəm. Bu, ölkənin daxili işlərinə açıq, birbaşa, kobud müdaxilədir və buna haqq qazandırmaq mümkün deyil. Bu həm də Diplomatik münasibətlər haqqında Vyana Konvensiyasına görə yolverilməzdir”.

 

R. Mehdiyev bildirib ki, səfirin müsahibədəki tonunda əmr və fikirlərini müstəqil dövlətə qəbul etdirmək cəhdi var. O bildirib ki, səfir Morninqstar unutmamalıdır ki, Azərbaycan kiminsə müstəmləkəsi yox, özünü tam təmin edən müstəqil dövlətdir.

 

Onun sözlərinə görə, qeyd olunan müsahibənin kontekstinə əsaslanaraq, demək olar  ki, səfir həddini çox aşıb. O, özünü qışqıraraq Azərbaycanı idarə edən hansısa qubernator hesab edir.

 

Müəllif | Apa.Tv