Milli Məclisdə AŞPA Daimi Komitəsinin iclası keçirilir
Milli Məclisdə Avropa Şurası Parlament Assambleyasının Daimi Komitəsinin iclası başlayıb. AŞPA sədri, xanım Ann Brassör qurumun Nazirlər Komitəsinə sədrlik edəcək Azərbaycanı bu münasibətlə təbrik edib. Ukrayna və Azərbaycanın ərazi bütövlüyünün kölgə altına alındığını deyən AŞPA sədri qeyd edib ki, üzv ölkələrin ərazi bütövlüyünün pozulması Assambleya üçün ciddi təhlükədir: "Ərazi bütövlüyü prinsipi əsas dəyərlərdən biridir. Biz bu dəyəri təkcə hazırda aktual olan Ukrayna məsələsi ilə bağlı deyil, Azərbaycanla bağlı da qəbul edirik. AŞPA artıq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı münasibətini bildirib, müvafiq qətnamə qəbul edib və Azərbaycanın ərazi bütövlüyünü tanıyıb".
Azərbaycanda toplaşma, ifadə azadlığı, məhkəmə müstəqilliyi sahəsində problemlərin təcili həllini tapmalı olduğunu deyən Ann Brassör həbsdə olan İlqar Məmmədovla görüşməyə çalışacağını bildirib.
APA TV-nin xəbərinə görə, Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov isə AŞPA sədrinin çıxışına narazılığını ifadə edib. Azərbaycanın korrupsiyaya qarşı mübarizə apardığını söyləyən Oqtay Əsədov AŞPA-nın Azərbaycanda gedən islahatları dəstəkləyəcəyinə ümidvar olduğunu deyib: "Azərbaycan AŞPA qarşısında götürdüyü öhdəliklərə daim hörmətlə yanaşıb və onları ardıcıl həyata keçirib. Azərbaycanın işğal edilən torpaqlarına bizim razılığımız olmadan gedən şəxslər "persona non-qrata" elan edilirlər. Bununla bağlı AŞPA-nın dünənki iclasında qərara alınıb ki, qarşıdakı iki il ərzində AŞPA-nın Azərbaycanda heç bir tədbiri keçirilməsin".
Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edəcəyi dövrdə prioritetlərini açıqlayan xarici işlər naziri Elmar Məmmədyarov çıxışında bildirib ki, rəsmi Bakı sədrliyi dövründə insan hüquqları, təhsil məsələlərinə xüsusi önəm verəcək. Azərbaycanda il ərzində keçiriləcək tədbirlərdən söz açan Elmar Məmmədyarov deyib ki, mədəniyyətlərarası dialoqa xüsusi önəm veriləcək. Diplomat Avropanın Dağlıq Qarabağ münaqişəsinə daha çox diqqət ayırmalı olduğunu deyib: "Bu münaqişə bir gecədə həll oğluna bilməz, çünki dərin münaqişədir. Müharibənin nəticələri aradan qaldırılmalı, daha sonra insanlar arasında etimad mühiti yaradılmalıdır. Ən mühüm təhdid Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisində olmasıdır. İlk növbədə Dağlıq Qarabağ ətrafındakı 7 rayondan Ermənistan qoşunları çıxarılmalıdır".
İclasın davamında Elmar Məmmədyarov parlamentarların suallarını cavablandırıb. REAL Hərəkatının sədri İlqar Məmmədovla bağlı Avropa Məhkəməsinin qərarına toxunan Elmar Məmmədyarov deyib ki, məhkəmə hüquqi proseduralar çərçivəsində keçiriləcək.
Qeyd edək ki, Azərbaycanın AŞ Nazilər Komitəsinə sədrliyi dövründə Bakıda 18 tədbir keçiriləcək.