Səməd Seyidov: "Avropa Şurası nüfuzunu itirir"

Azərbaycan AŞPA Daimi Komitəsinin Bakıda keçirilən iclasında bəyanatla çıxış edib. APA TV-nin xəbərinə görə, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidovun təqdim etdiyi bəyanatda AŞPA rəhbərliyinə faktlardan ibarət suallar və konkret təxirə salınmaz təkliflər ünvanlanıb: “Nəyə görə biz AŞPA üzvləri öz öhdəliklərimizdən - insan hüquqları, qanunların aliliyi və digər məsələlərdə danışanda Azərbaycan məsuliyyətli davranmağa dəvət edilir. Amma biz xahiş edəndə ki, fundamental dəyərlərimiz, xüsusilə ərazi bütövlüyümüz nəzərə alınsın, sadəcə ard-arda verilən bəyanatlarla rastlaşırıq. AŞPA-ya qəbul olunanda əsas məqsədimiz Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə nail olmaq idi. Amma görürük ki, AŞPA-ya üzv olan ölkələrin əraziləri işğal olunur, heç bir dəstək verilmir".

Səməd Seyidov qeyd edib ki, AŞPA-nın qəbul etdiyi davranış qaydalarına görə, qurumun üzvləri davranışlarına diqqət etməlidirlər: "Biz başa düşürük ki, AŞPA sədrinin müavini hansısa ölkəyə səfərinin qarşısının alınması yaxşı hal deyil. Amma nə üçün AŞPA sədrinin müavini qurumun reputasiyasını gözləmir və belə davranışa yol verərək işğal olunmuş ərazilərə qeyri-qanuni səfərlər edir? Onu AŞPA-nın nüfuzu yox, erməni lobbisinin nüfuzu maraqlandırır. Avropa Şurası artıq nüfuzunu itirir".
 

Bundan sonra Avropa AŞ PA Daimi Komitəsinin Azərbaycan Milli Məclisində keçirilən iclası başa çatıb. 

Müəllif | Apa.Tv