Daha bir ana və uşaq ölümü - DOĞUŞ FACİƏSİ - YENİLƏNİB
Qubada qadın və körpəsi doğuş zamanı ölüb. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba Regional Perinatal Mərkəzində qeydə alınıb. Rayonun Nügədi kənd sakini, 21 yaşlı Qızxanım Möhsümova mayın 21-də doğuş üçün mərkəzə yerləşdirilib. Qaynanası Dilbər Qayıbovanın sözlərinə görə, həkimlər ona uşağın qeysəriyyə yolu ilə dünyaya gətiriləcəyini deyiblər: " Gəlinimin 9-cu ayı idi. Həkimin yanına gəldim. Həkim mənə söz verdi ki, onları sağ-salamat qaytaracaq. Əməliyyat üçün məndən 500 manat aldı. Apardılar cərrahiyə otağına, iynəni vurdular. 10 dəqiqə keçdi, gəlin də, uşaq da öldü".
Yaxınları ananın və uşağın ölümünə görə, həkimləri günahlandırır.
Rayon prokurorunun köməkçisi Rövşən Qızxanım Mövsümovanın meyitinin ekspertizasının nəticəsi məlum olandan sonra hadisəyə hüquqi qiymət veriləcəyini deyib: "Hadisə yerinə baxış keçirilib. Meyitin daxili və xarici müayinəsi aparılıb. Məhkəmə-tibb ekspertizası təyin edilib. Ekspertizanın cavabından sonra qərar qəbul ediləcək".
Faktla bağlı Quba rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.