BMT rəsmisi: "Dağlıq Qarabağ məsələsinin həllinin vaxtı yetişib "
“Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həllinə nail olmağın vaxtı yetişib. Bu, Dağlıq Qarabağda vəziyyətin daha normal məcrada inkişafına şərait yaradacaq, eyni zamanda BMT-nin qəbul etdiyi qətnamələrin icrasına imkan verəcək.”
Bunu BMT İnsan Hüquqları Şurasının məcburi köçkünlərin hüquqları üzrə xüsusi məruzəçisi Çaloka Beyani Azərbaycan baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Əli Həsənovla birgə keçirilən mətbuat konfransında deyib. APA TV-nin məlumatına görə, Azərbaycana səfərinin əsas məqsədinin məcburi köçkünlər üçün daha dayanıqlı həll yollarının tapılması olduğunu deyən BMT məruzəçisinin sözlərinə görə, Azərbaycana rəsmi səfər etmək, məcburi köçkünlərin vəziyyətini öyrənmək böyük təcrübə olub.
"Məcburi köçkünlərdən eşitdiyim əsas ismarıcın mahiyyəti odur ki, onlar öz torpaqlarına qayıtmaq istəyirlər. Beynəlxalq ictimaiyyətdən müəyyən səylər tələb edilir ki, bunun nəticəsində də məcburi köçkünlər üçün daha davamlı, dayanıqlı həllərin tapılması, sülhün təmin olunması mümkündür".
Çaloka Beyani Azərbaycan hökumətinin məcburi köçkünlərin yaşayış və sosial şəraiti ilə bağlı atdığı addımları alqışladığını bildirərək bu addımın təcrübəsində gördüyü ən yaxşı nümunə olduğunu deyib.