MTN əməliyyat sərhəddə keçirdi
Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi əməliyyat nəticəsində 19 kiloqrama yaxın narkotik vasitənin İrandan qaçaqmalçılıq yolu ilə, gömrük nəzarətindən kənar keçirilərək Azərbaycana qanunsuz daşınmasının qarşısı alınıb, 11 nəfər şübhəli şəxs qismində tutulub.
APA TV-nin xəbərinə görə, ayrı-ayrılıqda 1 kiloqram 187 qram heroin, 8 kiloqram 500 qramdan artıq tiryək, 1 kiloqramdan artıq həşiş və 8 kiloqram 201 qram qurudulmuş marixuana aşkarlanıb.
Bütün faktlarla bağlı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə cinayət işləri başlanılıb.
Azərbaycan vətəndaşları - Mehtiyev Qədir Sayad oğlu, Feyzullayev Əhliman Rasim oğlu, Nəsibov Elçin İsa oğlu, Abdullayev Kamran Hacı oğlu, Bağırov Elçin Əkbər oğlu, Abbasov Zahid Sərhəng oğlu, Cavadov Elmin Ədalət oğlu, Düniyev Elman Zabil oğlu, Muradov Rəşad İlqar oğlu, Mirzəyev İsmayıl Rafiq oğlu, Əkbərov Teymur Fikrət oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.