Məcburi köçkünlərlə bağlı hesabat BMT Təhlükəsizlik Şurasına təqdim olunacaq

“BMT İnsan Hüquqları Şurasının məcburi köçkünlərin hüquqları üzrə xüsusi məruzəçisinin səfər proqramında nəzərdə tutulan bütün görüşlər baş tutub. Hökumət olaraq hesab edirik ki, səfər uğurlu keçib”.

APA TV-nin xəbərinə görə, bunu baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycanda səfərdə olan BMT İnsan Hüquqları Şurasının məcburi köçkünlərin hüquqları üzrə xüsusi məruzəçisi Çaloka Beyani ilə birgə keçirilən mətbuat konfransında deyib. Dövlət komitəsinin sədrinin sözlərinə görə, xüsusi məruzəçidən yeganə istəyi gözləri ilə gördüyü reallığı hesabatda əks etdirməsidir.  

Öz növbəsində, Çaloka Beyani də səfər çərçivəsində Azərbaycan rəsmiləri, hökumət üzvləri, vətəndaş cəmiyyəti nümayəndələri, Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri ilə görüşlər keçirdiyini söyləyib: “Azərbaycanda məcburi köçkünlərlə bağlı hazırlayacağım hesabatı bu ilin oktyabrında BMT Təhlükəsizlik Şurasına, gələn ilin iyulunda isə BMT-nin İnsan Hüquqları Şurasına təqdim edəcəyəm”.

Çaloka Beyani bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsas diqqət diplomatiya və dialoqa yönəlməlidir. Məcburi köçkünlərin problemləri ilə maraqlanan və onların həll olunmasını istəyən beynəlxalq təşkilatlar da bu prosesdə iştirak etməlidir: "Mən razıyam ki, bu gün məcburi köçkünlərin statusu ilə bağlı beynəlxalq konvensiya və sənədlərdə müəyyən boşluqlar, çatışmazlıqlar var. Mənim mandatımın da əsas məqsədi bu sahədə mövcud olan boşluqları aradan qaldırmaq və hüquqi çərçivəni inkişaf etdirməkdir".

İstənilən halda məcburi köçkünlərin öz torpaqlarına qayıtması zamanı orada yaşaması üçün təhlükəsiz mühit yaradılmalı olduğunu deyən xüsusi məruzəçi bildirib ki, bunun üçün də sülh sazişi olmalıdır. 

Müəllif | Apa.Tv