AŞPA-nın baş katibindən anlaşılmaz cavab: "İkili standartlara yol vermirik "

"Avropa Şurası olaraq , Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmək məqsədi ilə bir sıra qətnamələr qəbul etmişik. Çünki bizim təşkilat yarananda qarşımıza qoyduğumuz ən vacib məqsədlərdən biri hər bir üzv ölkənin ərazi bütövlüyünü dəstəkləmək olub".

APA TV-nin xəbərinə görə, bu sözləri Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının baş katibi Ann Brassör keçirdiyi mətbuat konfransında deyib. Avropa Şurasının Cənubi Osetiya, Abxaziya və Krımın işğalı ilə bağlı Rusiyanı səsvermə hüququndan məhrum etməsinə baxmayaraq, Azərbaycanın ərazisini işğal edən Ermənistana heç bir sanksiya tətbiq etməməsi ilə bağlı suala isə Ann Brassör anlaşılmaz cavab verib: "Biz ikili standartlara yol vermirik. Avropanın dəyərlərində heç bir fərq olmamalıdır. Bizim ən ümdə məsələmiz ərazi bütövlüyü məsələsidir ki, bu prinsipə bütün üzv ölkələrə münasibətdə sadiq qalırıq".

 

Vaxtilə AŞPA-nın Azərbaycana məruzəçi təyin etdiyi Kristofer Ştrasserə viza verilməməsi ilə bağlı AŞPA Bürosunun heç bir qərar qəbul etmədiyi halda işğal altındakı Azərbaycan ərazilərinə icazəsiz getmiş Rene Rukeyə viza verilmədiyi üçün  qərar qəbul etməsi sualını isə AŞPA sədri belə cavablandırıb: "Hüquqi nöqteyi-nəzərdən AŞPA-nın vitse-prezidenti Rene Rukenin məsələsi Azərbaycan üzrə məruzəçi olmus Kristofer Ştrasserin məsələsindən fərqlənir. Bu iki məsələdə fərq Ştrasserə, ümumiyyətlə, viza verilməməsi, Rukeyə isə verilən vizanın ləğv edilməsindədir. Beynəlxalq sazişlərə və Paris Protokoluna görə, bütün AŞ üzvü olan dövlətlərdə keçirilən iclaslarda qurum üzvlərinin gediş-gəliş hüquqları təmin olunmalıdır. Bu hüquq təmin olunmadığı halda tətbiq olunan qayda isə həmin ölkələrdə iki il müddətinə iclasları keçirməkdən imtina etməklə bağlıdır".

 

O, bunun təkcə Azərbaycana qarşı tətbiq edilmədiyini deyərək, başqa ölkələrdə də belə hal baş verdiyi halda onlara da eyni qayda tətbiq olunacağını əlavə edib.

Müəllif | Apa.Tv