Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında "rəngli inqilablar" müzakirə olundu
Moskvada Rusiya Müdafiə Nazirliyinin təşkilatçılığı ilə III Moskva Beynəlxalq Təhlükəsizlik Konfransı başlayıb. APA TV-nin xəbərinə görə, konfransın əsas mövzusu “rəngli inqilablar”ın yayılma problematikası, Şimali Afrika və Yaxın Şərqdə “ərəb baharı”nın nəticələri, Əfqanıstandan beynəlxalq qüvvələrinin çıxarılmasından sonra Mərkəzi Asiyada və digər regionlarda sabitlik və terrorizmlə mübarizə məsələləridir. Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynada baş verən hadisələrin bütün Avropa üçün təhlükəli olduğunu söyləyib: "Ukraynada hazırda “rəngli inqilab” təşkil etmək cəhdləri müşahidə olunur. Bu ssenarinin əvvəllər həyata keçirilməsi cəhdləri digər MDB ölkələrində də müşahidə olunub".
Sergey Şoyqu deyib ki, Rusiya xaricdə hərbi bazalarını möhkəmləndirir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə çıxışında Ukraynadakı böhrana toxunub: "Ukrayna xalqına kömək etmək istəyiriksə, böhranın uzanmasının, ksenofobiyanın və neonasist əhval-ruhiyyənin genişlənməsinin qarşısını almalıyıq".
Konfrans çərçivəsində Moskvada səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Sergey Şoyqu arasında ikitərəfli görüş olub.