DİN istirahət mərkəzindəki faciə ilə bağlı məlumat yayıb - YENİLƏNİB

Daxili İşlər Nazirliyi Qobustanda istirahət mərkəzində baş verən faciəli hadisə ilə bağlı məlumat yayıb. “Golf” oyunu üçün nəzərdə tutulmuş avtomobilin aşması nəticəsində 1 məktəbli ölüb, daha 3 nəfər xəsarət alıb.

 

APA TV-nin nazirliyin saytına istinadən verdiyi məlumata görə, mayın 23-də saat 13 radələrində Qobustan rayonu Çalov kəndinin ərazisində yerləşən “Qobuland” istirahət mərkəzində Bakı şəhər sakini Aytən Əzizova idarə etdiyi “Golf” oyunu üçün nəzərdə tutulmuş avtomobili aşırıb.

 

Aytən Əzizovanın sərnişinlərindən orta məktəb şagirdləri, 10 yaşlı Dəniz Qorçu hadisə yerində ölüb, özü və digər sərnişinləri, 11 yaşlı Ayla Hacızadə və 10 yaşlı Dinara Mustafayeva xəstəxanaya yerləşdiriliblər.

 

Faktla əlaqədar cinayət işi başlanıb, istintaq aparılır.

 

Qeyd edək ki, hadisə Qobustan rayonundakı “Cənnət bağı” istirahət-əyləncə mərkəzində qeydə alınıb. Bakı Oksford Məktəbinin müəllim və şagirdlərinin əyləndiyi elektromaşın (“Elektrokar”) aşıb. Nəticədə faciə baş verib. Yaralılar əvvəlcə Qobustan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər, sonra Bakıya gətiriliblər.

 

"Qobuland" otelinin direktoru Naina Bakaldina APA TV-yə bildirib ki, baş vermiş faciədə istirahət mərkəzinin heç bir günahı yoxdur.

 

Dünyasını dəyişən Dəniz Qorçu məşhur rejissor Tərlan Qorçunun qızıdır.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı