Rauf Mirqədirova atasının dəfnində iştiraka icazə verildi - YENİLƏNİB

Həbsdə olan jurnalist Rauf Mirqədirovun atası dünyasını dəyişib. Rauf Mirqədirovun vəkili Fuad Ağayev APA-ya bildirib ki, jurnalistin atası Həbibulla Mirqədirov gecə saatlarında vəfat edib. Vəkil jurnalistin atasının dəfnində iştirakına icazə verilməsi üçün cinayət işinin istintaqını aparan müstəntiqə müraciət etdiyini qeyd edib.

 

Rauf Mirqədirova atasının dəfnində iştirak etməyə icazə verilib. Cinayət işinin istintaqını aparan müstəntiq İbrahim Ləmbəranski vəkilə zəng edərək R. Mirqədirovun atasının dəfnində iştirakına icazə verildiyini bildirib.

 

Qeyd edək ki, Rauf Mirqədirov aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. Məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur.

 

İş üzrə dünən Rauf Mirqədirovun atasının evində axtarış aparılıb.

Müəllif | Apa.Tv
Apa.tv