7 yaşlı Nahidin döyülməsi faktına görə cinayət işi başlanıb
Təhsil Nazirliyi və Baş Prokurorluq Bakıda internat məktəbdə baş verən hadisə ilə bağlı birgə məlumat yayıb. Təhsil Nazirliyinin saytında yerləşdirilən məlumatda bildirilir ki, bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Suraxanı rayonunda yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbinin II sinif şagirdi, 2006-cı il təvəllüdlü Cavadov Nahid Zaur oğlunun məktəbin direktoru Afaqət Əsgərova tərəfindən döyülməsi və xəsarət alması barədə məlumatlar yayılıb. Aparılan ilkin araşdırmalar zamanı N.Cavadovun mayın 16-da yıxılması nəticəsində baş nahiyəsindən xəsarət alması qənaətinə gəlinib və bu barədə rəsmi məlumat verilib. İnternat məktəbinin rəhbərliyi və hadisədə adı hallandırılan digər şəxslər tutduqları vəzifədən müvəqqəti kənarlaşdırılıb. N.Cavadovun yıxılma nəticəsində xəsarət alması xüsusatı özü və bilavasitə bu hadisəni görən digər şəxslərin izahatları ilə təsdiqlənib. Lakin daha sonra N.Cavadovun məktəbin direktoru tərəfindən döyülməsini bildirməsi barədə videogörüntü yerləşdirilib. Bununla bağlı aparılmış araşdırmalar zamanı dindirilən şəxlər N.Cavadovun yalan məlumat verməyə təhrik edildiyini bildiriblər.
APA TV-nin xəbərinə görə, sağlamlıq imkanı məhdud olan N.Cavadovun internat məktəbində xəsarət alması ilə bağlı fakta dair Cinayət Məcəlləsinin 296.1-ci (bilə-bilə yalan xəbərçilik etmə) və 314-cü (səhlənkarlıq) maddələri ilə cinayət işi başlanıb. Araşdırma Bakı şəhər prokurorluğunun İstintaq İdarəsində aparılır.