YAP Qadınlar Şurasının Ümumrespublika konfransı keçirilir

Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının Ümumrespublika konfransı öz işinə başlayıb. Gündəlikdə duran məsələlər barədə məlumat verən hakim partiyanın İdarə Heyətinin üzvü, parlamentin sədr müavini Bahar Muradova şuranın fəaliyyətinin günün tələbləri səviyyəsinə qaldırılmalı olduğunu vurğulayıb. Bahar Muradova həmçinin qadın millət vəkillərini parlamentdə fəaliyyətinə də toxunub.

 

“Azərbaycan qadınları qürurla söyləyə bilərlər ki, onlar parlamentdə qanun yaradıcılığı prosesində yaxşı təmsil olunurlar. Amma daha yaxşı təmsil olunmaq əlbəttə ki, arzumuzdur".

YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva isə çıxışında bildirib ki, konfransda 84 rayon və şəhərdən 364 nəfər iştirak edir. Ötən beş il ərzində görülən işlər barədə ətraflı məlumat verən Nurlana Əliyeva bildirib ki, gənclərin zərərli dini cərəyanların təsirinə düşməsinə qarşı mübarizə aparılmalı, nəzarət gücləndirilməlidir. O, Azərbaycanın bəzi ucqar bölgələrində azyaşlı qızların təhsil sistemindən ayrılaraq ərə verilməsinin narahatlıq doğurduğunu, bu sahədə maarifləndirmə işlərinin aparılmalı olduğunu da qeyd edib. Hakim partiyanın sədr müavini, icra katibi Əli Əhmədov isə vurğulayıb ki, hazırda qadınların ölkənin ictimai siyasi həyatında rolu və çəkisi artıb. YAP Qadınlar Şurasının kifayət qədər səmərəli fəaliyyət göstərdiyini vurğulayan Əli Əhmədov bildirib ki, hazırda partiyanın sıralarında qadınların iştirakı 40 faiz təşkil edir.

“Qadının ictimai-siyasi həyatda inkişafı hər bir cəmiyyətin xüsusi ilə Azərbaycan cəmiyyətinin axıra qədər istifadə olunmayan potensialından biridir. Azərbaycanın 50 faizindən çoxunu qadınlar təşkil edir. Güman edirəm ki, bu potensialdan biz kifayət qədər istifadə etməklə, bütövlükdə cəmiyyətin potensialının yüksəldilməsinə gətirib çıxara bilərik".

 

Əli Əhmədov bu ilin dekabra ayında keçirilməsi nəzərə tutulan bələdiyyə seçkilərində hakim partiyadan olan qadınların uğur qazanacağına ümidvar olduğunu deyib. Təşkilatı məsələlərin müzakirəsi zamanı Nurlana Əliyeva yenidən YAP Qadınlar Şurasına sədr seçilib. Konfransda YAP Qadınlar Şurasının yeni tərkibi müəyyən olunub və idarə heyəti formalaşdırılıb.
 

Müəllif | Apa.Tv