Rauf Mirqədirov: "Mənə heç bir təzyiq olmayıb"
Casusluqda ittiham olunaraq həbs olunan “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirov atası Həbibulla Mirqədirovun yas mərasiminə qatılıb. APA TV-nin xəbərinə görə, Rauf Mirqədirovun atasının vəfatı ilə əlaqədar 3 gün evdə qalmasına icazə verilib.
Həbibulla Mirqədirov “Qurd Qapısı” qəbiristanlığında dəfn edilib.
Rauf Mirqədirov jurnalistlərə açıqlamasında bildirib ki, ona heç bir təzyiq olmayıb, özünü rahat və gümrah hiss edir.
Özünü günahkar sayıb-saymamasına gəlincə, Rauf Mirqədirov deyib ki, bu vaxta qədər verdiyi izahatları təsdiq edir: “Mən bu barədə danışmaq istəmirəm. Daha ətraflı vəkillərim cavab versələr, yaxşı olar. Vəkillərim indiyə qədər bütün informasiyaları veriblər. Başım yasa qarışıb. Təşəkkürüm bildirirəm ki, ən azı bu yas mərasimində çoxlu sayda mətbuat təmsilçisi iştirak edir”.
Qeyd edək ki, Rauf Mirqədirov aprelin 19-da Türkiyədən Azərbaycana deportasiya olunub. Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunan jurnalistin barəsində məhkəmə həbs-qətimkan tədbiri seçib.