Mal-qara oğrusu əmi-qardaşoğlu yaxalandı

Saatlı rayonunda  mal-qara oğurluğu ilə məşğul olan qrupun üzvləri tutulublar. Saxlanılan şəxslərin bir neçə yerdə  oğurluq etdikləri aşkarlanıb. APA TV-nin xəbərinə görə, sonuncu hadisə mayın 2-də Saatlı rayonunun Hacıqasımlı kəndində baş verib. Kənd sakini Nüsrət Abbasova məxsus umumi dəyəri 1000 manat olan 7 baş qoyun-quzunun oğurlanması ilə bağlı Polis Şöbəsinə məlumat daxil olub. Həmin məlumat əsasında polis tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib. Hadisəni törətməkdə şübhəli bilinən 3 nəfər şəxs  saxlanılıb. İstintaq zamanı məlum olub ki, Beyləqan rayon sakini Elşən Məmmədov və qardaşı oğlu Ramil Məmmədov, həmçinin tanışları Asif Balakişiyev oğurluğu bir yerdə həyata keçiriblər. Həmiçinin, istintaq zamanı cinayətkar qrupun digər əməlləri də aşkarlanıb. Həmin şəxslər fevralın 7-də  Hacıqasımlı sakini Raul İbrahimova  məxsus bir baş iribuynuzlu heyvanı talamaqla ona 1000 manat dəyərində ziyan vurublar. Oğurluqların təkcə Saatlıda yox, İmişlidə də törətdildiyi ortaya çıxıb. Məlum olub ki, həmin şəxslər yanvar ayında İmişli rayonunun Qaraqaşlı kənd sakini Seyfəddin Həsənova məxsus bir baş dana və İmişli rayonunun Ölcələr kənd sakini İbad Məmmədova məxsus 2 baş iribuynuzlu heyvan oğurlayblar. Dindirilmə zamanı isə şəxslər cinayətləri bir-birilərinin üzərinə atmağa çalışıb.

Qeyd edək ki, saxlanılan şəxslərdən Elşən Məmmədov əvvələr də məhkumluq  həyatı yaşayıb.

Faktla bağlı araşdırmalar  davam etdirilir. Qrupun digər cinayət əməlləri ilə əlaqəsinin olub-olmadığı istiqamətində istintaq işləri aparılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı