Hadı Rəcəbli: "Analar var ki, deyir, qızım hətta qayğanaq..."

"Toy vaxtı oğlanı da tutacaqlar, valideynlərin də məsuliyyətsizliyi var. Çox adam bunu başa düşmür. Gözlə bu qız məktəbi qurtarsın da. Sonra özü istəyər, olar. Çox zaman qızın özünün istəyi də olmur. Sonra da özünə sui-qəsd halları olur". 

 

Ailə  Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova erkən nikahların bağlanmasının  valideyn məsuliyyətsizliyindən irəli gəldiyini deyib. Bir çox hallarda valideynlər dini kəbini kəsdirməklə özlərini sığortalayırlar. Əslində isə əvvəl rəsmi, sonra isə dini nikah olmalıdır, deyə komitə sədri əlavə edib.

 

"İmkan yaratmamalıyıq ki, qızları erkən yaşda ailə qurmağa məcbur etsinlər. Bizdə elə rayon məktəbləri var ki, orda bir nəfər də qız ali məktəbə qəbul olmayıb. Bu o deməkdir ki, qızları erkən yaşda ərə veriblər, təhsil almayıblar".

 

APA TV-nin xəbərinə görə, Hicran Hüseynova ailədə oğlanların tərbiyəsinə xüsusi diqqət yetirməyin vacib olduğunu deyib :

 

"Boşanmaların sayının artması oğlanların məsuliyyətsizliyinə görədir. Belə bir münasibət var ki, bununla yaşadım, xoşuma gəlmədi sabah gedim o birisini alım. Baxıram cavan oğlanlardır, 3-4 dəfə evləniblər".

 

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, erkən nikahlarla bağlı valideynlərin cəzalandırılması da nəzərdə tutulub.

 

"Qız ailədə ana kimi, gəlin kimi, həyat yoldaşı kimi yetişməlidir. İndi elə analar var ki, deyir qızım heç qayğanaq da bişirə bilmir. Hələ bununla qürrələnir də".

 

Qeyd edək ki, AQUPDK tərəfindən ötən ilin oktyabr ayından keçirilən  "Yaşlı nəslin təcrübəsindən faydalanaq" adlı layihəsinin yekunu olub. Konfransda layihə çərçivəsində görülən işlərin hesabatı verilib.

 

Müəllif | Apa.Tv