Nazirlik rəsmisi: "Bu il üçün əlillərin xüsusi avtomobillərlə təminatı başa çatır"
Böyük Vətən müharibəsi əlilləri və onlara bərabər tutulan şəxslərin 3806 nəfəri avtomobillə təmin olunub. Cari ildə isə 1533 nəfərin avtomobillə təmin olunması nəzərdə tutulur. Onların avtomobillə təminatına təxminən 1 aydan sonra başlanılacaq və sentyabrın sonuna qədər avtomobillə təminatı başa çatacaq. APA TV-nin məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev deyib. Mayın 26-da cari ilin əvvəlinədək növbədə olan Qarabağ müharibəsi və 20 Yanvar əlillərinin avtomobillə tam təminatı başa çatdırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1 yanvar 2014-cü il tarixədək xüsusi nəqliyyat vasitəsi ilə təmin edilmək üçün növbədə olan daha 157 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlilinə “Naz-Lifan” markalı minik avtomobillərini təqdim edib.
"Ötən iki ay ərzində biz növbəlilik əsasında adını çəkdiyim kateqoriyadan olan insanlara 500 ədəd avtomobil paylamışıq. Bu gün də 160 ədəd avtomobil öz sahiblərinə veriləcək. Bununla da 2014-cü ilə qədər bu kateqoriyadan olan insanların möhtərəm prezidentin sərəncamında nəzərdə tutulan vəsait çərçivəsində xüsusi avtomobillərlə təminatı başa çatır".
Avtomobillə təmin olunan şəxslər dövlətin onlara göstərdiyi diqqətə və qayğıya görə minnətdarlıqlarını bildiriblər.