Əhməd Davudoğlu: "Allah bu üç bayrağı dünyanın hər yerində dalğalandırsın"

"Azərbaycanın müstəqilliyi Türkiyənin müstəqilliyidir". APA TV-nin məlumatına görə, bu sözləri Azərbaycan keçirilən Türkiyə, Azərbaycan və Türkmənistan xarici işlər nazirinin görüşündən sonra mətbuata açıqlama verən türkiyəli nazir Əhməd Davudoğlu deyib. O, ölkələr arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu və bu görüşün üçtərəfli əməkdaşlığa yol açdığını qeyd edib.

 

"Azərbaycanın güclü və qüdrətli bir dövlət olması bizim üçün Türkiyənin müstəqilliyi və gücü kimidir. Bu Türkmənistana da aiddir. Allah bu 3 bayrağı dünyanın hər bir yerində dalğalandırsın. Bu gün bütün görüşlərdə türk dilinin 3 boyundan istifadə etdik. Aramıza başqa bir dil girmədi".

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə qəbul olunan yekun Bakı bəyannaməsinə görə, növbəti görüşün ilin ikinci yarısında Aşqabadda keçirilməsinin qərara alındığını bildirib. Görüşdən öncə isə fəaliyyət planı üzərində iş aparılacaq.
 

"Nəticə olaraq bir plan təsdiqləyəcəyik ki, Türkmənistan, Azərbaycan və Türkiyə arasında siyasi, iqtisadi, nəqliyyat, enerji, mədəni və digər sahələr baxımından əməkdaşlığı genişləndirək. Cürbəcür fikirlər səsləndirilmişdi. Amma bizim üçün artıq bəllidir ki, hansı layihələr üzərində iş aparacağıq".

 

Türkmənistanın xarici işlər naziri Rəşid Meredov bu görüşün energetika və nəqliyyat kimi strateji sahələrdə əməkdaşlığın müzakirəsi üçün geniş imkan yaratdığını bildirib. O ümid etdiyini bildirib ki, Türkmənistan. Azərbaycan və Türkiyə gələcəkdə Qərblə Şərq arasında körpü rolunu oynayacaq.

 

Xatırladaq ki, nazirlər arasında görüş həm ikitərəfli, həm də geniş tərkibli formatda baş tutub.

 

Müəllif | Apa.Tv
Apa.tv