Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi ilə bağlı daha bir müqavilə imzalandı

“Cənubi Qafqaz Boru Kəməri” şirkəti və “Şahdəniz” konsorsiumu Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihəsi üzrə daha bir əsas müqavilə imzalayıb. APA TV-nin xəbərinə görə, tədbirdə çıxış edən BP-nin ”Şahdəniz II” işlənməsi layihəsi üzrə vitse-prezidenti Yuan Dramond bildirib ki, artıq boru kəmərinin genişləndirilməsi və bununla bağlı yerüstü qurğuların tikintisi üçün Azərbaycanda və Gürcüstanda aparılacaq işlər üzrə müqavilələrin əksəriyyətini imzalanıb. Onun sözlərinə görə, tikintinin əksər hissəsi Azərbaycanda və Gürcüstanda yerli şəraitdə həyata keçirildiyindən hər iki ölkəyə xeyr gətirəcək.

 

O bildirib ki, tikinti sahələrində dayaq blokları və üst modullar üzrə və terminalın genişləndirilməsi üzrə işlər artıq başlanıb. 2018-ci ilin sonlarında ilk qazın əldə edilməsinə hazırlıq yönümündə artıq beş hasilat quyusu qazılıb.

 

Boru kəmərinin Azərbaycan və Gürcüstan hissələrinin tikintisi üzrə müqavilə “Saipem” və “Azfen” şirkətlərinə verilib. Müqavilənin dəyəri 735 mln. ABŞ dollar təşkil edir. İşlərin 2015-ci ilin yanvar ayında başlanması planlaşdırılır. Boru kəmərinin Gürcüstan hissəsinin mexaniki tamamlanması 2016-ci ilin sonuna qədər və Azərbaycan hissəsində isə 2017-ci ilin sonunadək başa çatdırılacağı gözlənilir.

 

Müəllif | Apa.Tv