Bakının mərkəzində zəncirvari qəza: 1 yaralı

Bakının Nəsimi rayonunda 4 maşının toqquşması ilə nəticələnən qəza baş verib. APA TV-nin məlumatına görə, qəza Puşkin və 28 May küçələrinin kəsişməsində qeydə alınıb. İşıqforun qırmızı işığında hərəkətini davam etdirən "Ford"markalı idman maşını "Hyundai" ilə toqquşub. Zərbənin gücündə "Ford" bir-neçə dəfə dövrə vuraraq yaxınlıqda hərəkətsiz halda dayanan "Renault" və "Mercedes"ə çırpılıb. Nəticədə "Ford"un sürücüsü baş nahiyəsindən xəsarət alıb. Avtomobillərə isə ziyan dəyib. Hadisə yerinə Dövlət Yol Polisini İdarəsinin Nəsimi Rayon Şöbəsinin əməkdaşları gəliblər. İlkin araşdırmalar nəticəsində məlum olub ki, qəzaya "Ford"un sürücüsünün sürət həddini aşması və işıqforun qırmızı işığında keçməsi səbəb olub. O, hadisə yerindən qaçmağa cəhd etsə də, polis əməkdaşları tərəfindən saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinə aparılıb.

 

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv