Ukrayna MDB-dən çıxmaq prosesinə start verdi
Mayın 27-də gecə Luqansk vilayətində silahlı adamlarla dolu yük maşınları Rusiyadan Ukraynaya keçiblər. Onlarla Ukrayna sərhədçiləri arasında atışma olub. APA TV-nin xəbərinə görə, bu barədə Ukrayna dövlət sərhəd xidmətinin mətbuat xidməti məlumat yayıb. Sərhəd pozucuları qoruyucu qrupu saxlayaraq Ukraynaya giriblər və Antrasit istiqamətində hərəkət ediblər. Silahlı toqquşma zamanı qarşı tərəfdən bir mikroavtobus və 2 yüngül avtomobil sərhəd xidməti əməkdaşları tərəfindən saxlanılıb. Silahlılardan biri ağır yaralanıb. Saxlanılan avtomobillərdə çox sayda Kalaşnikov avtomatı, tank əleyhinə əl qumbarası və partlayıcı maddə aşkar edilib. Mayın 25-dən Donbasda antiterror qüvvələri aktiv fazaya keçərək Donetsk aeroportunu silahlılardan təmizləyiblər. Əməliyyatlar Slavyansk və Mariupolda da aparılıb. Bu arada Ukrayna Müstəqil Dövlətlər Birliyindən çıxmaq prosesinə start verir. Bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Andrey Parubiy deyib. O bildirib ki, şuranın iclasında Ukraynanın MDB-də sədrliyinin dayandırılması və təşkilatdan çıxmaq barədə qərar qəbul olunub.