Yanğın “top”la söndürüləcək
Bundan sonra yanğının qarşısını topla da almaq mümkün olacaq. Avtomatik yanğın söndürmə topları 8.3 kubmetr sahədə baş verən ərazidə yanğının qarşını alır. APA TV-nin xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti (DNYX) Xaçmaz rayonunda “dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi” mövzusunda seminar-müşavirəsində bu barədə ətraflı məlumat verilib. Bildirilib ki, partlayış zamanı insan orqanizminə heç bir mənfi təsiri yoxdur. “Yanğın top”larından əsasən, qapalı yerlərdə istifadə olunması məqsədə uyğundur.
DYNX yanğına qarşı təbliğat şöbəsinin rəisi Hikmət Xudiyev deyib ki, çəkisi 1.3 kiloqram olan topu həm uşaqlar, həm qadınlar, fiziki cəhətdən zəif insanlar da istifadə edə bilər. Topların istismar müddəti 6 ildir. Bu müddətdə istifadə olunmasa, ondan kənd təsərrüfatında gübrə kimi də istifadə etmək olar. Yanğınla təmasda olanda top işə düşür və yanğını söndürür.
Hikmət Xudiyev bildirib ki, Tailandda istehsal edilən topun Azərbaycana gətirilməsi üçün müvafiq qurumlar tərəfindən danışıqlar aparılır.
Seminar-müşavirədə respublikanın Şimal bölgəsinin 5 şəhər və rayonundan dövlət orqanlarının, bələdiyyələr və digər qurumların nümayəndələri iştirak ediblər. Tədbirdə qarşıdan gələn mövsümdə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə, həmçinin meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması üçün qarşıda duran vəzifələr barədə məlumat verilib.