Britaniyalı parlamentar: “Məcburi köçkünlər Dağlıq Qarabağdakı evlərinə qayıtmalıdır”


"Biz ATƏT-in Minsk Qrupuna inanırıq və prosesin uğurla nəticələnməsini istəyirik". Bu sözləri Bakıda səfərdə olan Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Kristofer Pinçer deyib.

"ATƏT-in Minsk Qrupu yeni təkliflər irəli sürüb və Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bu təklifləri qəbul edib. Mən ümid edirəm ki, bu təkliflər Ermənistan tərəfdən də dəstəklənəcək. Biz insanları və cəmiyyətləri təhlükə altında saxlayan bu münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyıq. İnsanlar və ailələri illərdir ki, evlərindən ayrı düşüblər. Biz istəyirik ki, onlar Dağlıq Qarabağdakı evlərinə qayıtsınlar".

Xatırladaq ki, bir qrup britaniyalı parlamentar Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycanda səfərdədir. Onlar Bakıya səfərləri çərçivəsində ASAN Xidmətin Sabunçu rayon filialına baş çəkiblər. Qurumun beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Azad Cəfərli qonaqlara ASAN Xidmətin fəaliyyəti barədə geniş məlumat verib. Kristofer Pinçerin sözlərinə görə, sivil xidmətləri bir yerə yığmaq, xırda korrupsiyanın qarşısını almaq, effektivliyi artırmaq və xidmətlərin daha tez həyata keçirilməsi baxımından “Asan Xidmət” çox gözəl ideyadır.

 

Müəllif | Apa.Tv