Prezident İlham Əliyev və xanımı Respublika Günü münasibətilə rəsmi qəbula qatılıb

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib. Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva rəsmi qəbulda iştirak ediblər. Prezident İlham Əliyev tədbir iştirakçılarını və bütün Azərbaycan xalqını təbrik edib. 96 il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını tarixi hadisə kimi dəyərləndirən İlham Əliyev bugünkü müstəqil Azərbaycanı müsəlman Şərqində yaradılan ilk demokratik respublikanın varisi olduğunu deyib. Dövlət başçısı təəssüflə bildirib ki, o zaman müstəqilliyimiz çox qısa müddətli olub. 2 ildən sonra Azərbaycan Demokratik Respublikası süqut etsə də, böyük işlər görülüb. Prezident İlham Əliyev bildirib ki, 20-ci ildə müstəqilliyimiz əlimizdən alınmasaydı, bu gün Azərbaycan dünyada ən zəngin ölkələrdən biri olardı. Dövlət başçısı sonralar sovet tərkibində olduğu illərdə Azərbaycan tarixinin ən uğurlu səhifələrinin Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib: "Azərbaycan xalqının böyük xoşbəxtliyi ondan ibarət idi ki, Azərbaycan xalqı həlledici anlarda düzgün seçim edib, müdriklik göstərib ulu öndərə üz tutub onu hakimiyyətə dəvət edib".

Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsindən danışan prezident İlham Əliyev təəssüflə bildirib ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən münaqişə həllini tapmayıb. Münaqişə beynəlxalq hüquq və ədalət prinsipləri əsasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Məsələnin həllində ölkə iqtisadiyyatının güclənməsi mühüm rol oynayır. Ermənistan təcrid vəziyyətdə saxlanılmalıdır. 2020-ci ilə kimi ölkədə bütün əsas infrastruktur layihələrinin başa çatmasının vacibliyini, diqqətinin daha çox qeyri-neft sektorunun inkişafına yetiriləcəyini deyən prezident ölkəmizin digər dövlətlərin enerji təhlükəsizliyinə töhfə verdiyini vurğulayıb.

 

Müəllif | Apa.Tv