Azərbaycan Xalq Cümhuriyyəti 96 yaşında
Bu gün Şərqdə ilk demokratik respublikanın qurulmasından 96 il ötür. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib.
Məhəmməd Əmin Rəsulzadə Azərbaycanın müstəqilliyinə dair Batumda Osmanlı İmperiyası ilə danışıqlar apardığından, İstiqlal Bəyannaməsinin elan olunduğu iclasa Azərbaycan Milli Şurasının sədr müavini Həsən bəy Ağayev sədrlik edib.
AXC elan olunarkən ərazisi 99908,86 km² olub, 13983,1 km² ərazi isə mübahisəli kimi qəbul olunaraq, Ermənistanla aparılacaq gələcək danışıqlar prosesində həlli nəzərdə tutulub.
Azərbaycan Milli Şurasının həmin iclasında bitərəf Fətəli xan Xoyskinin rəhbərliyi ilə AXC-nin ilk müvəqqəti hökumətinin tərkibini də təsdiqlənib.
AXC elan olunarkən Bakı Stepan Şaumyanın başçılığı altında bolşevik-daşnak birləşmələrinin nəzarəti altında olduğundan Azərbaycan hökuməti müvəqqəti olaraq Gəncə şəhərində fəaliyyət göstərib. 1918-ci il sentyabrın 15-də ağır döyüşlərdən sonra AXC milli ordusunun və Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun hissələri Bakını bolşevik-daşnak və ingilis hərbi dəstələrindən azad edib. Bundan sonra Azərbaycan hökuməti Bakıya köçüb.
AXC qısa ömründə böyük nailiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın-kişi bərabərliyini təmin edən cümhuriyyət, milli ordu quruculuğu, milli valyutanın buraxılması, milli bankın yaradılması, demokratikləşmə, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmən tanınması, Azərbaycanın bütövlüyünün təmin olunması, iqtisadi islahatların aparılması və digər sahələrdə böyük işlər görüb. Təəssüf ki, cəmi 23 ay yaşayan AXC 1920-ci il aprelin 28-də bolşeviklər tərəfindən devrilib.
AXC-nin müstəqilliyi ilk olaraq 1918-ci il iyunun 4-də Osmanlı İmperiyası tərəfindən rəsmən tanınıb.