Bakıda "Toyota Prado" "Mercedes"lə toqquşdu, sürücünün ayağı sındı
Bakıda iki maşının toqquşması ilə nəticələn yol qəzası olub. APA TV-nin məlumatına görə, hadisə Babək prospektində baş verib. Qəza nəticəsində bir nəfər yaralanıb, "Toyota Prado" və "Mercedes" markalı maşınlar isə yararsız hala düşüb. "Toyota Prado"nun sürücüsü Ruslan İbrahimoğlu APA TV-yə bildirib ki, qəza onun diqqətsizliyi ucbatından baş verib. Belə ki, o, Babək prospekti ilə üzü Günəşli qəsəbəsinə doğru hərəkətdə olarkən ehtiyatsızlıq edib və qarşı yola çıxaraq "Mercedes"lə toqquşub. Qəza nəticəsində xəsarət alan "Mercedes"in sürücüsü 35 yaşlı Ramin Əliyev sol budun sınığı diaqnozu ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan onun vəziyyətinin normal olduğu bildirilib. Faktla bağlı araşdırma aparılır.