Şəkidə yol qəzasında 1 qadın ölüb, üçü azyaşlı olmaqla 6 nəfər yaralanıb
Şəkidə baş verən ağır yol qəzasında bir nəfər ölüb, üçü azyaşlı olmaqla 6 nəfər isə xəsarət alıb. APA TV-nin Şəki-Zaqatala məlumatına görə, ağır yol qəzası Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 19-cu kilometrliyində, Şəkinin Turan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. 1988-ci il təvəllüdlü, Şəki rayonu Cəyirli kənd sakini Vəfadar Etibar oğlu Hüseynov idarə etdiyi “Mercedes” markalı avtomobillə kənd isitiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarına aşırıb. Baş vermiş qəza nəticəsində avtomobildə olan sərnişin Xanım Hüseynova aldığı ağır bədən xəsarətlərindən hadisə yerində keçinib. Avtomobilin sürücüsü Vəfadar Hüseynov, avtomobildə olan digər sərnişinlər - Şəki rayonu Cəyirli kənd sakini Ruhangiz Qabil qızı Şirinova, rayonun Cəyirli kənd sakini Ələsgər Hüseynov və avtomobildə olan hələlik adı dəqiqləşdirilməyən üç azyaşlı uşaq aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıblar.
Şəki RMX-dan APA TV-yə verilən məlumata görə, qəza nəticəsində xəstəxanaya daxil olan Ruhangiz Şirinovaya ilkin tibbi yardım göstərilib. Ruhangiz Şirinovanın vəziyyəti ağır olduğundan onun Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilməsi nəzərdə tutulur. Digər yaralılar - Vəfadar Hüseynov və Ələsgər Hüseynovun xəsarətləri yüngül olduğundan onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
Qəza nəticəsində xəstəxanaya daxil olan üç azyaşlı uşaq isə həkim müayinəsindən keçmək üçün xəstəxananın Uşaq Cərrahiyyə şöbəsinə göndərilib. Hazırda uşaqların vəziyyətinin orta-ağır olduğu bildirilir. Qəzaya düşənlər iki ailənin üzvləridir. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlayıb, araşdırma aparılır.