Cəlilabadda ildırım faciəsi: 1 ölü, 3 yaralı
Cəlilabad rayonunda kartof sahəsində işləyən 3 fəhləni ildırım vurub. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə mayın 27-də rayonunun Söyüdlü kəndi ərazisində qeydə alınıb. Kartof sahəsində fəhlələr məhsul yığan zaman qəfildən ildırım çaxıb və onlardan 3 nəfərini vurub. Cəlilabadın Söyüdlü kənd sakini, 61 yaşlı Leylaxanım Bahəddin qızı Abasova ildırım vurmadan hadisə yerində dünyasını dəyişib. Onun oğlu, 23 yaşlı Mürsəl Əhməd oğlu Abasov və Lənkəran rayon sakini Lətafət Allahverdi qızı Əliyeva isə ağır vəziyyətdə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, ildırım ölən qadının bədəninin əksər hissəsini demək olar ki, külə çevirib.
Bundan bir neçə neçə saat sonra Cəlilabadın daha bir yaşayış məntəqəsində analoji təbiət hadisəsi baş verib. Rayonun Uzuntəpə kənd sakini 23 yaşlı Qara Baloğlan oğlu Nəzərov at belində heyvanları örüş sahəsindən evə gətirəkən ildırım onu vurub. Bu zaman at ildırımın təsirindən hadisə yerində ölüb. Qara Nəzərov isə təcili Cəlilabad MRX-a yerləşdirilib. Ona lazımi tibbi yardım göstərilib. Xəstənin vəziyyətinin ağır olduğu bildirilir.
Xatırladaq ki, ötən il mayın 28-də də Cəlilabadın Ocaqlı kəndi ərazisində anoloji hadisə baş verib. O zaman ildırım vurmadan 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.