Azərbaycan-Rusiya sərhədində avtomobillərin uzun tıxacı yaranıb

Azərbaycan və Rusiya sərhədində avtomobillərin uzun növbəsi yaranıb. Hazırda gömrükdə 150-dən çox avtomobil qarşı tərəfə keçmək üçün növbə gözləyir. APA TV-nin məlumatına görə, növbənin yaranmasına səbəb Gürcüstan-Rusiya sərhədindəki avtomobil yollarında yaranan problemdir. Sürücü Canpolad Abbasov bildirib ki, həmişə Qazax-Gürcüstan, Qırmızı körpü yolundan istifadə edir: "İndi Kazbekdə uçqun olduğu üçün bu yoldan istifadə edirik. Hələ ki, növbədir, gözləyirik".

 

Digər bir sürücü Qafar Kazımov isə dünəndən gəldiyini bildirib. O, bu müddət ərzində 150 maşın buraxıldığını deyib: "İndi mənim növbəmdir. Burda yaxşı işləyirlər. O yolda problem olduğundan burda maşın çoxdur".

 

Samur Gömrük məntəqəsinin rəisi Hüseyn Mənsimov APA TV-yə bildirib ki, Rusiyadan Gürcüstana və əks istiqamətində hərəkət olmadığından bütün avtomobillər Azərbaycan ərazisi ilə sərhədi keçməyə məcbur olub.Yaranan növbələrin aradan qaldırılması üçün Rusiya tərəfi ilə danışıqlar aparılıb.

 

Müəllif | Apa.Tv
Vəli Turan