Sarkisyan Türkiyə prezidentini "erməni soyqırımı"nın 100 illiyi tədbirlərinə dəvət etdi
Ermənistan prezidenti Türkiyənin yeni seçiləcək prezidentini gələn il keçiriləcək "erməni soyqırımı"nın 100 ilini anma tədbirlərinə dəvət edib. APA TV-nin "Milliyet" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Serj Sərkisyan tədbirlərin təşkilatçılığını edən komitənin toplantısında bildirib. O bildirib ki, Ankara əvvəllər görünməmiş yeni addımlar atıb, ancaq bu addımlar Türkiyənin 100 illik inkar siyasətini əks etdirir. Sitat: "Türkiyə prezidentini 25 aprel 2015-ci ildə "erməni soyqırımı"nın ciddi sübutlarla üzləşməsi üçün dəvət edirəm". SİTATIN SONU. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan keçən ay açıqlamasında "20-ci əsrin əvvəllərindəki hadisələrdə həyatlarını itirən ermənilərin hüzur içində yatmalarını diləyir, nəvələrinə baş sağlıqlarımızı çatdırırıq" deyə, bildirmişdi. Ermənistan və erməni diasporu Osmanlı İmperiyası dövründə Anadoluda yaşayan ermənilərin zorla köçürülməsi səbəbindən təxminən 1,5 milyon erməninin həyatını itirməsinin "soyqırım" olaraq tanınmağını istəyir. Türkiyə isə 1915-ci ildə yaşananların "soyqırım" olaraq tanınmasına qarşı çıxır və həmin vaxt 300 ilə 500 min erməni ilə birlikdə eyni sayda türkün də öldüyünü vurğulayır.