Respublika Günü münasibətilə Bakıda hərbçilərin nizami yürüşü keçirilib
28 May - Respublika Günü münasibətilə Bakı Qarnizonun iştirakı ilə nizami yürüş keçirilib. 400-ə yaxın hərbçi Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzindən başlayaraq, Şəhidlər Xiyabanına doğru yürüş edib.
Saat 12:00-dan Bakı Qarnizonu qoşunlarının iştirakı ilə şəhərin müxtəlif istiqamətlərində 10 marşrut üzrə hərbi qulluqçuların nizami yürüşü keçirilib.
APA TV-nin xəbərinə görə, Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzinin (TTM) şəxsi heyəti TTM-in qarşısından Şəhidlər Xiyabanına, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantları Səməd Vurğun bağından Bülbül prospekti və Neftçilər prospektindən keçməklə Azadlıq meydanına, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Hərbi Təyyarəçilik Məktəbinin və Hərbi Dənizçilik Məktəbinin kursantları isə “Azneft” dairəsindən Azadlıq meydanına yürüş ediblər.
Hərbçilərin yürüşü hərbi orkestrin marşları ilə müşayiət olunub. Yürüş paytaxt sakinləri və şəhərin qonaqları tərəfindən maraqla qarşılanıb.